Bir rəsmin tarixçəsi - Salvador Dali: “Yaddaşın əzmkarlığı”

Salvador Dali: “Yaddaşın əzmkarlığı”


İncəsənətin ən gözəl və ruha dinclik verən növlərindən biri də rəssamlıqdır. Bəzən saatlarla bir rəsmə baxıb onu incələyib, rəssamın həmin əsərdə nə demək istədiyini başa düşməyə çalışırıq. Amma elə əsərlər var ki, onu ilk baxışdan anlamaq, müəllifin fikirlərini oxumaq çətin gəlir. Həmin əsərlərdən biri də Salvador Daliyə məşhurluq gətirən “Yaddaşın əzmkarlığı” (The Persistence of Memory) rəsmidir. Bu yazıda Salvador Dali və qeyd olunan əsər haqqında qısa məlumat verəcəyik.

Dali haqqında

Məşhur rəssam 1904-cü ildə may ayının 4-də İspaniyanın katoloniya bölgəsində yerləşən Figueras şəhərində anadan olub. “Xəstə uşaq” adlı ilk rəsmini 10 yaşında çəkən Dali bir müddət sonra rəsm kursuna gedib və Juan Nunez adlı müəllimdən dərs alıb. 1922-ci ildə isə təhsilini Madrid San Fernando Akademiyasında davam etdirib. Lakin 1923-cü ildə anarxist hərəkətlərinə görə oxuduğu akademiyadan qovulur və Girona həbsxanasında saxlanılır. Çox çəkmir ki, yəni 1925- ci ildə yenidən akademiyaya qayıdır və Barselonada ilk fərdi sərgisini açır. Amma tarixdə də biliməyən səbəblərdən 1926-cı ildə rəssamın təhsil həyatına birdəfəlik son qoyulur. Dali 1927-ci ildə İspaniyada əsgərliyini bitirdikdən sonra Parisə yollanır. Bununlada rəssamın həyatının yeni dönəmi başlayır. Parisə gedən Dali burada sürrealist cərəyanın başçıları Andre Breton və Paul Eluard ilə görüşür. Daha sonra Stefan Zweig onu Ziqmund Freyd ilə tanış edir. Bu hadisələr məşhur rəssamın şəxsi və bədii inkişafında böyük rol oynayır. 1934-cü ildə Qala adlı xanımla ailə həyatı qurur. 1936-cı ildə İspaniyada vətəndaş, 1940-cı ildə isə İkinci Dünya müharibəsinin başlaması ilə Amerikaya köçür və müharibə bitdikdən bir müddət sonra, 1949-cu ildə doğulduğu şəhərə qayıdır. Müharibədən, müharibədə istifadə olunan texnologiyadan təsirlənən Dalinin bu dönəmdən sonrakı əsərlərində müasir elmi düşüncələr yer almağa başladı və ömrünün sonuna qədər bu istiqamətdə rəsmlər çəkdi. Rəssam 1989-cu ildə 23 fevral tarixində Figueras xəstəxanasında ürək çatışmazlığından vəfat edib.

Rəsm haqqında

Salvador Dalinin sürrealist hərəkatına qoşulması qeyd etdiymiz kimi, Andre Breton və Paul Eluard ilə olan tanışlığından sonra başlayır. Daha sonrakı illərdə isə Zimqund Freyd ilə görüşüb, onun fikirlərinə yaxından bələd olması Dalini tamamilə psixoanalist düşüncələrə qərq edir. Beləcə, onun rəsmlərində xəyallar, halüsinasiyalar və şüuraltı elemetlər daha sıx müşahidə olunmağa başlayır. Hansı ki, haqqında danışdığımız “Yaddaşın əzmkarlığı” rəsmi bunun ən bariz nümunəsidir.


Əslində, rəsm əksəriyyətimizə tanışdır. Xüsusilə də sosial mediada, “Zamanın idarə olunması” ilə bağlı təqdimatlarda istifadə olunub. Amma təxmin etmək olar ki, bəziləri , hətta deyərdik ki, bir çoxu nə rəsmin müəllifini, nə də yaranma tarixini bilmir. Açığı, əsər fərqli adlarla tanınmaqdadır. Kimisi “Əriyən saatlar”, kimisi isə “Yaddaşın əzmkarlığı”, “Yaddaşın dəyişməzliyi” olaraq bilir. Dali rəsmi 1931-ci ildə bitirir və əsər 1932-ci ildə Nyu-Yorkda sərgilənir. Sürrealist cərəyanın ən bariz nümunələrindən olan əsər böyük maraqla qarşılanır və elə ilk sərgiləndiyi gün müəllif tərəfindən 250 dollara satılır. Rəsm hazırda Nyu Yorkda Müasir İncənət muzeyində saxlanılır. Əsər alleqorik janrda, kətan üzərində yağlı boya ilə çəkilib.

Rəsmlə bağlı rəylər

Klassik rəsm əsərlərini şərh etmək, orada istifadə olunan elementlər haqqında konkret fikir söyləmək mümkündür. Amma müasir əsərlərdə yanaşma və düşüncələr fərqlidir və müxtəlif rəylərə açıqdır. Bu şəkli Dalinin o dövr üçün gündəmdə olan Eynşteynin “Nisbilik nəzəriyyəsi” üzərində qurduğu söylənilir. Nəzəriyyəyə görə, şəkildəki zaman və məkanın bütövlük və ahəngdarlıq içində olduğunu deyə bilmərik. Saatların əriyən formada çəkilməsi də zamanın nisbiliyinə işarə edir.

Arxadakı qayalar gərçəkliyi və sonsuzluğu izah edərkən, öndəki əriyən saatlar süni şəkildə idarə olunan zamanın bu gərçəkliyə və kainatın sonsuzluğuna qarşı necə aciz qaldığını vurğulayır. Xüsusilə qeyd etmək lazımdır ki, şəkil iki hissədən ibarət olaraq çəkilib. Belə ki, rəssam ilk olaraq rəsmdə arxa fonda görünən qayalıqları və dənizi qələmə alıb. Hansı ki, bu mənzərə Dalinin yaşadığı katoloniya bölgəsində yerləşən Port Lligatdan bir mənzərədir. O, bu görüntü üzərinə fokuslanaraq rəsmə başlasa da sonradan əsəri tamamlamaqda çətinlik çəkir və əsər bir müddət yarımçıq qalır. Avqust ayının qızmar günlərində istidən əriyən kamembert (camembert) pendirini görür. Ərimiş pendirin görüntüsü, eyni zamanda həmin dönəmlərdə rəssamın artan baş ağrıları, gördüyü halüsinasiyalar rəsmin ön planında olan əriyən saatların çəkilməsinə səbəb olur. Rəsmin sol alt küncündə olan saat üzərindəki qarışqalar və əriyən saat üzərindəki milçək çürüməyə, yox olmağa işarə edir. Əsərdəki tək bitki olan zeytun ağacı Dalinin bir çox rəsmlərində ümidə, huzura, sağlamlığa yozulsa da, burada yağlı boya ilə çəkilmiş qurumuş ağac ölüm kimi şərh olunur. Şəkildəki digər görüntüləri araşdırsaq, ortadakı canavara bənzəyən cismin Salvador Daliyi təmsil etdiyi idda edilir. Ümumi olaraq rəsmə nəzər saldıqda isə əsər insana yox olma duyğusu və axıb gedən zaman gərçəkliyini aşılayır.