Bir rəsmin tarixçəsi - Van Qoq “Kəsilmiş qulaq”

Mütəxəsislərin fikrincə, 3 rəssam, Leonardo da Vinçi, Vinsent Van Qoq və Pablo Pikasso dünyada məşhurluğu ilə seçilən rəssamlar arasındadır. Leonardo qədim rəssamların, Van Qoq XIX əsrin impressionist və postimpressionistlərin, Pikasso isə XX yüzilliyin abstraksionist və modernistlərin sənətini təmsil edir. Bu dəfəki yazımızda bu üç rəssamdan biri olan, dahi, əzabkeş, şöhrət və pul haqqında düşünməyən, özü və əsərləri haqqında tarixdə çox maraqlı əfsanələr yayılan Van Qoq və onun “Kəsilmiş qulaq” rəsmi haqqında məlumat verəcəyik.

Van Qoq haqqında

Vinset Van Qoq 1853-cü ildə Niderlandda Qrot-Zundert adlı kiçik bir kənddə, katolik keşişinin ailəsində dünyaya göz açıb. Ciddi, səssiz və düşüncəli uşaq olub. 1864-cü ildə ailəsi onu yatılı məktəbə göndərir və bu dönəm rəssamın həyatının dönüş nöqtəsi olur. Bu dövrdə o rəsm müəllimi Constantijn C. Huysmans və onun əsərləri ilə tanış olur. Beləcə, rəsmə marağı yaranır. Amma nədənsə, Van Qoq həmişə həyatından, xüsusilə ömrünün bu dönəmindən şikayətlənib. 5 uşaqlı ailədə böyüyən Van Qoq özündən 4 yaş kiçik olan Teodor ilə daha yaxın olur. Hətta, bəzi araşdırmaçılar Teodoru Van Qoqun həyat mənbəyi, yaşama səbəbi kimi də qiymətləndirirlər. Rəssam, ömrünün sonunadək maddi və mənəvi olaraq kiçik qardaşından asılı olur.

Sənətkar 1886-cı ildə “ikinci vətən”i sayılan Fransaya köçür. Həmin dövrdə Fransanın bir çox şəhərləri rəssamlıq emalatxanası ilə dolu idi. Həmçinin yeni yaranan cərəyanların mübarizəsi gedirdi və impressionalizm tədricən önə çıxırdı. Van Qoq da bu cərəyanın təsirinə düşür və rəsmlər çəkməyə başlayır. Rəssamın ilkin məşhurluğu elə bu dönəmə təsadüf edir. O, tənqidi realizm ənənələrindən qidalanır və onu inkişaf etdirirdi.

Aldığı ilk əmək haqqı ilə psixiatriya xəstəxanasına yerləşir

Van Qoq 860-ı yağlı boya ilə çəkilmiş, cəmi 2100 rəsmin müəllifidir. Amma buna baxmayaraq, yaşadığı müddətdə yalnız 1 əl işi satılıb. “Arlın qırmızı üzümlükləri” adlı rəsmin satılmasını sənətkar böyük sevinc hissi ilə qarşılayır. Rəssam əl işindən aldığı pulla Paris yaxınlığındakı bir psixiatrik xəstəxanaya yerləşir. Burada iki ay ərzində 80-dən çox rəsm çəkir. Ən maraqlısı isə ömrü boyu səfalət içində, qardaşına möhtac yaşayan rəssamın əl işləri ölümündən sonra bir sərvətə çevrilir.

Xəstəxanadan çıxandan sonra Van Qoq Over-syur-Uaz kəndində yaşayır. Burada ona dostu, həvəskar rəssam və sənətşünas Pol Qaşe yardım edir. Onun sağlamlığının qayğısına qalır. Rəssamın 1890-ci ildə çəkdiyi “Doktor Qaşenin portreti” bəlkədə onun bu janrda çəkdiyi ən gözəl əsərdir. Belə ki, şəkildə Qaşe dərin düşüncələrə dalmış şəkildə təsvir edilib. Portretə baxanda insanın ağlına ilk bu sual gəlir ki, görəsən, Qaşe nə düşünür? Varlığın mənasını, yoxsa öz taleyini? Bəlkə də heç biri. Qaşe ola bilsin ki, şəklini çəkən rəssamın aqibətini fikirləşirdi. Axı, faciəli sonluq çox yaxın idi və ixtisasca həkim olan Qaşe bunu anlamaya bilməzdi. Bəlkə də buna görə Van Qoqun əlində silah görəndə ondan almır. Beləcə, bir neçə gün sonra faciəli sonluq baş tutur. Sənətkar uzaqda, meşənin biraz dərinliyində rəsm çəkərkən silahla özünü sinəsindən vuraraq intihar edir. 1890-cı ildə özünə qəsd edən rəssam xəstəxanaya aparıldıqdan iki gün sonra vəfat edir.

“Kəsilmiş qulaq” avtoportreti haqqında danışılanlar

Nədənsə, rəssmanın bu avtoportreti haqqında daha çox danışılır, əfsanələr uydurulur. Amma ən çox sual olunan və cavabı hələ də çoxlarına müəmmalı qalan bir məsələ var. Rəssam nə üçün qulağını kəsmişdi? Araşdırmaçılar, tarixçilər hər biri fərqli fərziyə ilə bunu izah etməyə çalışıblar. Lakin indiyədək hansının daha doğru olduğu dəqiq bilinmir.

Məsələn, ilkin fərziyələrə görə rəssamın qulağını kəsməyinə səbəb rəsmə olan sevgisidir. Belə ki, “bir rəssamın qulağa ehtiyacı yoxdur, səs-küy insanın beynini yorur” fikrinə əsaslanaraq qulağını kəsdiyi deyilir.

Başqa bir rəvayətə görə isə çox sevdiyi qardaşı Teodorun evlənəcəyini eşidən rəssam ciddi psixoloji sarsıntı keçirir və bunun nəticəsində özünə xətər yetirərək, qulağının birini kəsir.

Təbii ki, danışılanlar bununla bitmir. Başqa bir rəvayətə görə isə məşhur rəssam birlikdə yaşadığı həmkarı Qoqen ilə münaqişə edərkən əlindəki stəkanı onun başına vurur. Aradakı münaqişənin böyüyəcəyini görən Qoqen getmək istəyərkən Van Qoq əlinə bir ülgüc alıb onun üzərinə hücum edir. Qoqen xəsarət almadan rəssamın cəngindən qurtulur və ondan həmişəlik uzaqlaşır. Baş vermiş hadisədən təsirlənən Van Qoqun psixologiyası pozulur və  elə həmin ülgüclə öz qulağını kəsir. Deyilənə görə, bu hadisədən bir müddət sonra rəssamlar barışıb bir-biri ilə məktublaşsalar da heç vaxt görüşməyiblər.

Ən maraqlı rəvayətlərdən biri isə rəssam ilə sevgilisi arasında olan dioloqla bağlıdır. Belə ki, sevgilisinə hədsiz bağlı olan Van Qoq bir gün sevdiyi xanımdan onda daha çox nəyi bəyəndiyini soruşur və “qulağını” cavabını alan sənətkar evə gedər getməz qulağını kəsib, bir dəsmala bükərək onu sevgilisinə aparır.

Sonuncu və az da olsa, həqiqətə yaxın sayılan versiya isə rəssamın qulaq şəkli çəkmək istəməsi və rəsmin istədiyi kimi alınmadığını görəndə qulağı daha yaxından incələmək və onun hər nöqtəsinə bələd olmaq üçün qulağını kəsməsidir. Nəticə etibarı ilə bu hadisədən sonra güzgüyə baxan rəssam öz avtoportretini yaradır və rəsm “Kəsilmiş qulaq” qulaq adlanır.

Ümumi olaraq rəsm haqqında deyilənlər bunlardır. Amma bunlardan hansının tam olaraq həqiqətə uyğun olduğu bəlli deyil.