Məkan dizaynında tamamlayıcı element olan rəsmləri necə seçməli?

Məkan dizaynında tamamlayıcı element olan rəsmləri necə seçməli?

 

Hər insanın özünə uyğun geyim tərzi, aksesuar seçimi olduğu kimi evlərin də özünəməxsus dizaynı və həmin dizaynı tamamlayan elementlər var. Çox sadə, sıradan bir evi belə müxtəlif dizayn elementləri ilə göz alıcı məkan halına gətirmək mümkündür. Ev dizaynı üçün lazım olan aksesuarlar içərisində isə rəsmlərin xüsusi yeri var. Rəsmlər evin ümumi görünüşünə rəng qataraq fərqli bir ab-hava qazandırır. Amma burada diqqət etməli olduğumuz bir nüans var. Belə ki, saysız rəsm arasından eviniz üçün ən uyğun olanını seçmək bir az çətindir. Bütün rəsmlər gözəldir və xüsusi ustalıqla işlənib. Lakin seçimi evinizin ümumi görünüşünə, əşyalarına görə etməlisiniz. Bunun üçün isə rəsmlər haqqında bəzi bilgilərə sahib olmaq lazımdır.


Otağın ümumi aurasına uyğun rəsm

Evinizdə mebellərdən sonra ilk diqqət çəkən element şübhəsiz ki, rəsmlərdir. Seçilən rəsm bir növ ev sahibinin də zövqündən xəbər verir. İstifadə edəcəyiniz şəkli yaxşı tanımalısınız. Onun texniki tərəflərini, mövzusunu, aid olduğu dövrü bilib buna görə seçim etməlisiniz. Qeyd edək ki, həm zövqə, həm də asılacağı otağın ümumi aurasına uyğun rəsm seçmək daha doğru olar. Misal üçün, canlı rənglərlə boyanmış, müxtəlif aksesuarlarla təchiz edilmiş otaqda hansısa tarixi şəxsiyyətin ciddi üz ifadəsi təsvir olunan portretini asmaq düzgün deyil. Bunun əvəzinə otağa baxarkən üzümüzdə xoş təbəssüm yaradacaq, otaqdakı əşyalarla bütövlük təşkil edəcək bir rəsm seçilməlidir.

Dizaynerlərin də məsləhəti bu yöndədir ki, evinizdəki boş divarı daha zəngin və maraqlı göstərmək üçün rəsmlərdən istifadə etmək daha məqsədəuyğundur. Kətan, şüşə, yağlı boya və ağac kimi rəsm növləri çoxluq təşkil edir. Yağlı boya ilə olan rəsmlər digər növlərə nisbətən daha bahalı olur. Rəsm seçərkən divarın rəngi də mütləq şəkildə nəzərə alınmalıdır. Çünki məkana daxil olarkən ilk diqqəti çəkən aksesuarlardan biri də divardakı rəsmlərdir. Ona görə rəsm seçimində ölçü və rəng böyük rol oynayır. Kiçik bir otağa ölçüləri böyük rəsm asarsanız, aşırı dərəcədə cəlbedici olar və ya əksinə böyük bir otaqda çox kiçik ölçülü rəsm heç diqqət çəkməyə bilər. Nəticə etibarı ilə rəsm seçimi zamanı önəmi verməli olduğumuz bəzi nüanslar var.

 

Rəng

Şəkildə estetik zövqə xidmət edən elementlərdən biri də rəngdir. İnsanlar rəsm əsəri seçərkən bəzən rəng uyğunluğuna fikir vermirlər. Bu da yanlış seçimlə nəticələnir. Belə ki, rənglər arasında uyğunluğu təmin edə bilmək özü bir incəsənətdir. Uyğunluq üçün eyni rəngin müxtəlif tonlarından da istifadə edilə bilər. Amma bəzən otağın ümumi ambiansına görə zidd çalarlar da seçilir. Çünki rənglər rəsmə xüsusi canlılıq verir və bu, məkanın görünüşünə təsirsiz ötüşmür. Lakin bir məsələ var ki, onu da nəzərə almaq lazımdır. Şəkli hansı otaqda yerləşdirəcəyinizdən asılı olaraq rəng seçimi etməlisiniz. Məsələn,  yataq otağında asılacaqsa, hüzurun rəngi olan yaşıl, mavi rəng çalarlarına üstünlük verilməlidir. Mətbəxdə asılacaqsa, bu zaman iştahanı açan narıncı, sarı və qırmızı rənglərlə işlənmiş rəsm seçilməlidir. Qonaq otağı üçün şəkil seçiminə gəlincə isə məkanda olan mebellərin rəngləri əsas götürülməlidir.

Ölçü

Seçəcəyiniz rəsmdə ölçü xüsusi önəm verməli olduğunuz hissədir. Rəsm asılacağı yerin ölçülərinə uyğun alınmalıdır. Məsələn, rəsmi divanın söykəndiyi divardan asacaqsınızsa, bu zaman əsər divanın 3/2-si qədər və ya daha böyük olmalıdır. Çünki böyük bir divanın arxasından kiçik ölçülü rəsm asmaq estetik görüşü korlaya bilər. Eyni qayda yataq otağında çarpayı üzərində asılacaq rəsm üçün də keçərlidir. Amma bu qaydanın bəzi hallarda pozulması mümkündür. Bir neçə kiçik ölçülü rəsmin asimmetrik və ya simmetrik asılması ümumi olaraq xoş görüntü yarada bilər. Geniş və fərəh otaqlarda asılacaq böyük ölçülü rəsmlər məkanda son dərəcə modern bir ab-hava yaradır. Rəsmlər tavana çox yaxın asılmamalıdır. Tavanla rəsm arasında təxminən 40 sm-lik boşluq olmalıdır.   

Səs və rəsmin sintezi

Həm musiqi, həm də rəsm ayrılıqda incəsənətin əsas predmetlərindəndir. Amma ikisi birlikdə insanın diqqətini daha tez cəlb edərək ruha dinclik verir. Bəs, bu cür rəsmləri haradan əldə etmək olar? Artdekor şirkəti bu baxımdan ən uyğun seçimdir. Belə ki, şirkətin fəaliyyət istiqaməti dekorativ məhsulların istehsalı və internet üzərindən satışını həyata keçirtməkdir. Evinizə, ofislərinizə və istədiyiniz məkanlara uyğun həm interyer, həm də eksteryer üçün dekorativ məhsullar içərisində rəsmlərin xüsusi yeri var. Burada istənilən rəsmə zövqünüzə uyğun olaraq musiqi və ya səsin yerləşdirilməsi mümkündür. Hətta, kimisə əlamətdar gün üçün təbrik etmək istəyirsinizsə, sizin səsinizi musiqi sədaları altında rəsmə yerləşdirirlər. Daha sonra telefona göndərilən QR kod vasitəsilə rəsmi izləyərkən səsi dinləyirsiniz. Rəsmlər haqqında daha geniş məlumat əldə etmək üçün artdekor.az saytına daxil olub “Art şəkil” bölümündən məhsullarla tanış ola bilərsiniz.